×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan “Zəfər ağacı”

Sumqayıt, 1 fevral, Firuz Novruzov, AZƏRTAC
“Zəfər ağacı” layihəsi üzərində işləyərkən kollektiv olaraq fikirləşdik ki, Azərbaycanda ilk olacaq bu abidə xalqımızın göyərən arzularının rəmzinə çevrilməlidir. Bu, gəncliyimizə ünvanlanan ismarıc olmalıdır. Dəmir ağacın üzərində yarpaqşəkilli metal lövhədə adları qeyd olunan 3 minə yaxın şəhidimiz öz küllərindən yaranan Səməndər quşu kimi əbədi yaşayacaq.
Bunu AZƏRTAC-a müsahibəsində Sumqayıt Texnologiyalar Parkının əməkdaşı, “Zəfər ağacı” layihəsinin icraçısı Emil Əzizov söyləyib.
Qəhrəman Ordumuzun Vətən müharibəsindəki möhtəşəm Qələbəsindən sonra belə bir ideyanın yaranmasından danışan Emil Əzizov deyir ki, bu abidəni hazırlamaqla Qarabağ Zəfərində əməyi olan hər kəsə öz ehtiramlarını ifadə etmək istəyiblər: “Düzdür, belə bir abidə Türkiyədə də var, amma o, sadə heykəltaraşlıq nümunəsidir. Bizim hazırladığımız abidə isə metaldandır və “Zəfər ağacı” adlanır. İlk dəfə 2021-ci ildə keçirilən Zəfər yarmarkasında nümayiş etdirdik və böyük maraqla qarşılandı”.
Qardaşı Teymur Əzizovun Vətən müharibəsi şəhidi olduğunu bildirən Emil layihənin icraçısı olsa da, onun həyata keçməsində Sumqayıt Texnologiyalar Parkının bütün kollektivinin xüsusi əməyinin olduğunu söyləyir.
“Zəfər ağacı”nın yerləşdiyi məkan da anlamlıdır - Sumqayıt Şəhidlər xiyabanı. Şəhid məzarlarını ziyarət edən insanlar, həmçinin “Zəfər ağacı”na da baş çəkir, qəhrəman şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edirlər.

Regionlar 2023-02-01 18:08:44