×
A
A
A
Sazlamalar

Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevriləcək

Bakı, 31 yanvar, AZƏRTAC

Hazırda Avropanın gündəliyini zəbt edən əsas məsələlərdən biri də enerji təminatıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropa ölkələri enerji ilə bağlı böhran yaşayırlar. Onlar bu böhrandan çıxmaq üçün yollar axtarırlar. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan belə bir vaxtda enerjiyə ehtiyacı olan Avropa ölkələrinin diqqətini cəlb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Avropada orta güc hesab edilən Macarıstana səfərinin xüsusi önəm daşıdığını bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində müxtəlif sahələri əhatə edən Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əlaqələrin daha yüksək mərhələyə keçdiyini deməyə imkan verir.
“Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə səfər edən Prezident İlham Əliyev təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Görüşlərdə Azərbaycan və macar xalqlarının dostluq əlaqələrindən danışan dövlətimizin başçısı bu dostluğun Avrasiya qitəsi üçün böyük önəm daşıdığını da vurğuladı. NABUKKO layihəsinin bərpa edilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevriləcəyini də diqqətə çatdırdı. Enerji təminatında Azərbaycanın sadiqliyini yüksək qiymətləndirən Macarıstanın Baş naziri Viktor Orban isə ölkəsinin NABUKKO layihəsinin bərpasında maraqlı olduğunu dilə gətirdi. Layihənin əhəmiyyətdən danışan Baş nazir layihəni regional deyil, pan-Avropa məsələsi kimi dəyərləndirdi.
Danışıqlarda macar şirkətlərinin tezliklə işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında konkret layihələrə başlayacağı da müzakirə edildi. Çünki Macarıstanın şəhərsalma istiqamətində böyük təcrübəsi var və bu ölkədən çox şey öyrənməyə dəyər”, - deyə Aqil Məmmədov vurğulayıb.
Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik toplantısının keçiriləcəyini diqqətə çatdıran deputat toplantıda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın yaşıl enerjinin Azərbaycandan Avropaya ötürülməsi ilə bağlı geniş müzakirələr aparacaqlarını da qeyd edib. “Yanvarın 30-da strateji tərəfdaşlığın dərinləşməsinə dair iki ölkə arasında Macarıstanda imzalanan Birgə Bəyannamə həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi gücləndirəcək. Macarıstan Azərbaycan qazını istehlak etməklə yanaşı, həm də onu digər Avropa ölkələrinə tranzit edəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Siyasət 2023-01-31 15:10:00