×
A
A
A
Sazlamalar

Prezidentin Macarıstan səfəri – ölkəmizin Avropa İttifaqı və NATO ilə əlaqələrinə töhfə - ŞƏRH

Bakı, 30 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri yalnız ikitərəfli münasibətlər yox, bütövlükdə Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinə mühüm töhfədir.
Macarıstan bu gün göstəricilərinə görə bütövlükdə dünyada orta imkanlara malik dövlət hesab olunsa da, xüsusən son illər həyata keçirilən uğurlu iqtisadi tədbirlər, reallaşdırılan əməkdaşlıqlar Budapeşti ciddi güc mərkəzlərindən birinə çevirir. Xüsusən yerləşdiyi geosiyasi mövqe Macarıstanın Avropa İttifaqında çəkisini artırmaqdadır.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Macarıstanın qitədə əhəmiyyətinin və nüfuzunun artmasının kökündə iki vacib amil dayanır:
Birincisi, Macarıstanın Avropanın enerji ehtiyatlarına olan tələbatının ödənilməsi istiqamətində mühüm tranzitə çevrilmək potensialına malik olması;
İkincisi isə macarların, xüsusən Viktor Orban hökuməti dövründə öz tarixi bağlarına daha çox önəm verməsi, Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələr qurması ilə beynəlxalq təsisatlar çərçivəsində ciddi strateji dəstək qazanmaqda olması.
“Enerji layihələri sahəsində imkanlardan danışdıqda, heç şübhəsiz ki, Macarıstanın ən böyük uğuru Azərbaycanla bu sahədə əməkdaşlıq perspektivi ilə bağlıdır. Xüsusən Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verildikdən sonra digər dörd ölkə ilə yanaşı, Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Karbohidrogen ehtiyatlarının zənginliyi, müasir tranzit infrastrukturun isə imkanlarının daha da artırılması istiqamətində səylər fonunda, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş, alternativsiz və güvənilən təchizatçı imici Budapeştin bu sahədə hərəkət imkanlarını artırır.
Digər tərəfdən, ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanması ilə Azərbaycan və Macarıstan arasında enerji əməkdaşlığının daha uzunmüddətli bir mərhələyə daşınması Budapeştin qeyd olunan istiqamətdə imkanlarını daha da artırıb. Yəni, Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə istehsal ediləcək və Gürcüstan vasitəsilə Qara dəniz sualtı kabeli ilə ötürüləcək elektrik enerjisi hesabına həm özünün enerji təhlükəsizliyini təmin edəcək, həm də enerjinin digər Avropa ölkələrinə ötürülməsində qonşusu Rumıniya ilə bərabər həlledici tranzit ölkəyə çevriləcək”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Deputatın sözlərinə görə, Macarıstan reallığın fərqindədir, bu proseslərin kökündə Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qətiyyətinin dayandığını aydın şəkildə dərk edir. Bu mənada Bakı ilə münasibətlərə Budapeşt də alternativ görmür. Öz növbəsində Macarıstan isə Azərbaycana özünün üzv olduğu beynəlxalq platformalarda etibarlı və sağlam tərəfdaşlıq vəd edir. Yəni, Macarıstanla əməkdaşlıq çərçivəsində Bakı iqtisadi dividendlərlə yanaşı, həm də Avropa İttifaqı və NATO kimi təşkilatlarda ciddi tərəfdaşlıq imkanları əldə edir ki, bu da Azərbaycanın milli maraqlarına və xarici siyasət kursunun məqsədlərinə tam cavab verir.
Bu mənada Prezident İlham Əliyevin Budapeşt səfəri və təmasları Azərbaycanın və Macarıstanın mövcud qarşılıqlı faydalı əməkdaşlıqda niyyətlərinin qətiliyini, Bakı və Budapeştin indiki həssas geosiyasi məqamda vahid mövqedən çıxış edəcəklərini bir daha bəyan etmiş oldu.

Siyasət 2023-01-30 19:32:00