×
A
A
A
Sazlamalar

Macarıstanla əməkdaşlığın inkişafı xarici siyasətimizin vacib istiqamətlərindəndir

Bakı, 30 yanvar, AZƏRTAC

Özünün inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycan xarici ölkə və təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Bu baxımdan, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Azərbaycanla Macarıstan arasında ali səviyyədə dialoqun mövcud olduğunu diqqətə çatdıran deputat deyib: “İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Macarıstanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindəndir. Hazırda Türk Dövlətləri Təşkilatının müşahidəçi statuslu üzvü olan Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır. Macarıstan həmçinin, Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkənin dövlət və hökumət başçılarının gerçəkləşdirdikləri qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında bu ölkəyə rəsmi səfəri deyilənlər baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir”.
“Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Həmin sənədlər içərisində dövlətimizin başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanacaq Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də yer alıb. Məlumat üçün bildirim ki, Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Bəyannamədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, təşkilatın Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi səfər çərçivəsində ali səviyyədə müzakirə olunacaq mövzular arasındadır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir”, - deyə Vüqar İskəndərov vurğulayıb.
Deputatın sözlərinə görə, bu səfər bir daha göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Heç şübhəsiz Prezidentin bu səfəri Azərbaycanla Macarıstan arasındakı ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Siyasət 2023-01-30 16:53:00