×
A
A
A
Sazlamalar

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Qax, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə start verilən “Gənclər həftəsi” çərçivəsində Qax rayonunda gənclər arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış şəhər 4 nömrəli tam orta məktəbi təmsil edən “Tesla” komandasının qələbəsi ilə başa çatıb.
Rayon Gənclər və İdman İdarəsi, Təhsil Sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın final mərhələsində 4 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, intellektual oyunun açılış mərasimində təşkilatçı qurumların nümayəndələri çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Ümummilli Lider Heydər Əliyevin zəngin irsini, Azərbaycanın milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
İntellektual oyunun seçim turlarında ümumilikdə 8 komanda mübarizə aparıb. Yekun nəticəyə əsasən, şəhər 1 nömrəli tam orta məktəbin “Pandora” və İlisu kənd məktəbinin “Nihad Abbasov” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
İntellektual oyunda ilk üç yeri tutan komandalara diplomlar təqdim edilib.

Regionlar 2023-01-28 12:56:00