×
A
A
A
Sazlamalar

Qusarda son iki ildə min hektardan çox intensiv meyvə bağları salınıb

Qusar, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunda müasirtipli meyvə bağlarının salınmasına maraq artıb. Son iki ildə rayonda 1113 hektar intensiv üsulla becərilən meyvə bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 7 min hektarı keçib. Bu bağların 3800 hektarında alma becərilir.
2021-2022-ci illərdə müasirtipli 305 hektar alma, 298 hektarı gilas, 294 hektarı nektarin bağları salınıb.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bildirib ki, rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusarda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar. Təkcə 2022-ci ildə rayonda 485 hektar intensiv meyvə bağları salınıb.
“Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır. Son illərdə yeni salınan intensiv meyvə bağlarına dövlət tərəfindən subsidiyaların verilməsi də öz müsbət təsirini göstərir. Hazırda şimal bölgəsində yeni salınmış fındıq bağlarına görə 4 il ərzində, hər il 730 manat olmaqla subsidiya verilir. Bundan əlavə, yeni fındıq bağı əkən fermerlərə dəstək məqsədilə hər hektarına 5 min manat birdəfəlik subsidiya da ödənilir”, - deyə Rauf Minhacov bildirib.
İntensiv bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. Müasir bağlarda alma ağaclarının ara məsafəsi bir metrdən də az olur. Belə olan halda bir hektara düşən meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq da çox olur.
Damcı üsulu ilə suvarılan intensiv bağlarda işlər tam mexanikləşdirilir. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem bütün bağı bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.
Qusar rayonunda ümumilikdə 13 min 500 hektar meyvə bağı var. Bunun yarıdan çoxu yeni salınan intensiv meyvə bağlardır. 2022-ci ildə Qusarın meyvə bağlarından 53 min 931 ton məhsul toplanıb. İstehsal olunan meyvələr içərisində alma (35 min 290 ton), armud (4 min 576 ton), gilas (3 min 420 ton) üstünlük təşkil edir.

Regionlar 2023-01-27 05:58:00