×
A
A
A
Sazlamalar

Bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüşdə istehlak məsullarının satışında qayda yaratmaqdan bəhs olunub

Bakı, 26 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkil olunmasında məqsəd bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələbləri bazar tipli ticarət mərkəzləri rəhbərlərinin diqqətinə çatdırmaq, eyni zamanda onların fəaliyyətinin təkmilləşdirilməsinə və nəticədə bazarlarda təhlükəsiz qida məhsullarının satışının təmin edilməsinə nail olmaqdan ibarətdir.
Görüşdə çıxış edən agentliyin Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, bazar tipli ticarət mərkəzlərinin fəaliyyəti “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun qurulmalıdır. Bazar tipli ticarət mərkəzlərində sanitar-texniki və sanitar gigiyenik tələblərə tam əməl olunmalı, bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalı, həmçinin ət və ət məhsullarının satışı sahəsində ciddi dəyişikliklər edilməlidir. Qanunvericiliyə uyğun olaraq, həmin məhsullar baytarlıq ekspertizasından keçirilməli və yalnız vitrinlərdə satılmalıdır. Eləcə də bazarlarda satışa çıxarılan süd və süd məhsulları qablaşdırılmalı, markalanmalı və məhsulların istehsal olunduğu təsərrüfat barədə agentliyin regional bölməsi məlumatlandırılmalıdır. Bundan sonra həmin təsərrüfatda monitorinqlər aparılmalı, təsərrüfat qeydiyyata alınmalı və orada istehsal olunan məhsulun bazarda satışına icazə verilməlidir. Eyni zamanda balıq və balıq məhsullarının satışı da qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir. Bazar tipli ticarət mərkəzlərində çalışan və obliqat qrupa daxil olan əməkdaşlar da tibbi müayinədən keçirilməlidirlər.
Tədbirdə qeyd olunub ki, qida məhsullarının qanunvericiliyə uyğun satışının təmin olunması üçün bazar tipli ticarət mərkəzlərinin rəhbərləri müvafiq infrastruktur yaratmalıdırlar. Bu sahədə uyğunsuzluqlar aşkarlanacağı təqdirdə, buna görə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaq.
Görüşdə bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Sosial 2023-01-26 12:08:00