×
A
A
A
Sazlamalar

Kəfəni bayraq oldu...

Bakı, 25 yanvar, AZƏRTAC

Lap uşaqlığından Ramiqin hərbi işə böyük məhəbbəti var idi. Ona görə də əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldı. Vətən sevdalısı idi, öz işinə, hərbiyə çox bağlı idi. Sentyabr ayında Ramiqə üç günlük məzuniyyət verilmişdi, cəmi bir gün evdə qaldı. Nə qədər çalışsaq da, onu saxlaya bilmədik, “sabah hərbi hissədə olmalıyam”, - dedi. Lakin bununla belə işinin çətinliyini ailədə qətiyyən hiss etdirmirdi. Evə gələndə Ağaseyid onun paltarlarını geyinməyə çalışar və deyərdi: “Ata, mən sənin kimi zabit olacağam”. Oğlunun bu istəyinə sevinirdi, gülümsünürdü. Axırıncı dəfə gələndə də Ağaseyid onun papağını başına qoyanda Ramiq onu bərk-bərk bağrına basdı...
AZƏRTAC xəbər verir ki, bu sözləri Gülgəz xanım oğlu, Vətən müharibəsi şəhidi, baş leytenant Ramiq Mikayılovun xatirəsinə həsr olunmuş tədbirdə deyib.
“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkil etdiyi tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov zabitin keçdiyi şərəfli döyüş yolundan bəhs edib, onun gənc nəsil üçün əsl örnək olduğunu diqqətə çatdırıb.
Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, şəhid zabitin taqım komandiri Hüseyn Alxanoğlu, döyüş yoldaşları Ziya Əsgərov, Xəyal Paşayev, qrup yoldaşı Zamiq Əliyev, şəhid anası Almaz Qasımova və başqaları xalqımızın Vətən müharibəsi günlərində nümayiş etdirdiyi birlik və vətənpərvərlik nümunəsindən, Milli Ordu əsgərlərinin döyüş meydanındakı igidlik və şücaətindən bəhs edib, möhtəşəm Zəfərin qazanılmasında Ramiq kimi oğulların rolundan danışıblar.
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Ramiq Mikayılovun həyat və döyüş yolunun ayrı-ayrı məqamları xatırlanıb, xatirələr söylənib, vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndirilib.
Şəhid anası Gülgəz xanımın tədbirdə dediyi sözlər hamını təsirləndirdi: “Bu gün Ramiqin ad günüdür. Təəssüf ki, üç ildir ki, biz oğlumun ad gününü onsuz qeyd edirik. Ramiqlə sentyabrın 30-da Xocavənd uğrunda gedən döyüşlərdən iki gün əvvəl telefonla danışmışdım. O, mənə “Ana, haqqını halal et”, - dedi. Öz qanı ilə tarix yazan oğula mən haqqımı necə halal etməyə bilərəm?! O, sanki Vətən üçün doğulmuş, Vətən üçün dünyaya gəlmişdi. Həyatının son altı ilini də ən qaynar nöqtələrdən olan Ağdamda xidmət edirdi. Dünyaya gəldiyi Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşıranda da üçrəngli bayrağa büküb dəfn edildi”.

 

Sosial 2023-01-25 18:53:00