×
A
A
A
Sazlamalar

“Paris 2024”: Hər kəsin bildiyi, amma heç kimin danışmadığı pozuntular VİDEO

Paris, 23 yanvar, AZƏRTAC
Avropanı o qədər ideallaşdırmışıq ki, hətta gözümüzlə gördüyümüz qanun pozuntularına belə inanmaq istəmirik. Qanunsuzluqlar, qeyri-qanuni təcrübələr, insanların hərtərəfli istismar edilməsi və digər xoşagəlməz təcrübələrin yalnız üçüncü dünya dövlətlərində olduğuna, xüsusilə də “diktatura”, “insan hüquqlarının pozulduğu ölkə” kimi tanınan çox vaxt Şərq ölkələrində (görməsək də) olduğuna inanırdıq.
Avropa qitəsində yerləşən dövlətlər həddən artıq dərəcədə ideallaşdırılırdı. Hamı Fransanı insan hüquqlarının, demokratiyanın beşiyi adlandırır, hətta bu ölkədə baş verən qeyri-qanuni fəaliyyətlərdən söz açanlara rişxəndlə yanaşılır, onlar ələ salınır, gülüş hədəfinə çevrilir. Heç kim bu ölkədə qeyri-leqal fəaliyyətin mümkünlüyünə inanmır.
Şərq ölkələrinin birində beynəlxalq yarışlar üçün stadionun tikintisində insan haqlarının pozulması ilə bağlı bar-bar bağıran, söz azadlığından danışan fransız mediası da düz burnunun ucunda insan hüquqlarının pozulmasına göz yumur.
Fransada 2024-cü il Olimpiya Oyunları obyektlərinin tikintisində sənədsiz (qeyri-leqal) işçilərlə bağlı mövzu “müqəddəs”dir, ona toxunmaq olmaz. Hamı bu qeyri-leqal fəaliyyətin olduğunu yaxşı bilir, amma heç kim ondan danışmır və ya danışmaq istəmir.
AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl “Paris 2024” Olimpiya Oyunları üçün tikilən Atletlər kəndinə səfər təşkil edilib. Şənbə günü olduğundan Atletlər kəndinin tikinti sahəsində heç kimin olmayacağı zənn edilsə də, orada çalışan çox sayda insana rast gəlinib. Bu insanların (fəhlələrin) iş şəraiti ilə tanış olmaq üçün onlara suallar ünvanlanıb. Həmin miqrant, qeyri-leqal fəhlələr işlərini itirməmək üçün üzlərini göstərməmək şərti ilə anonim məlumat verməyə razılaşıblar. “Sağ qalmaq üçün buradayıq, başqa seçimimiz yoxdur. İstədiyimiz kimi olmasa da, əllərimizi sallayıb dura bilmərik”, - deyə onlar başqa çıxış yollarının olmadığını bildiriblər.
Sual ünvanlanan fəhlələr qəribə tərzdə gülümsəyirlər. Hiss olunur ki, bu, içdən gəlmir, sadəcə olaraq, özlərini gülümsəməyə məcbur edirlər. Atletlər kəndinin tikintisində çalışan bu insanlar arasında Afrika və Şərqi Avropadan – Mali, Seneqal, Rumıniya, Serbiya və başqa ölkələrdən fəhlələr var. Onların bəziləri etiraf etdilər ki, sənədsizdirlər, bəziləri isə sənədsiz, qeyri-leqal olmadıqlarını ciddi-cəhdlə sübut etməyə çalışırdı. Digərləri müqavilə ilə işlədiklərini desələr də, növbəti suala cavabında kontraktsız çalışdıqları aşkarlanırdı. Bəziləri isə müqavilədə göstərilən aylıq məvacibdən qat-qat aşağı maaş aldıqlarını bildirdilər. “Əməyimiz düzgün qiymətləndirilməsə də, burada aldığım məvacib ölkəmdəki məvacibdən çox yaxşıdır”, - deyə onlar acınacaqlı vəziyyətdə işləmələrinə haqq qazandırmağa çalışırdılar.
Fransız dilini bilməyən sənədsiz fəhlələrdən biri, sadəcə, ölkəsindəki məvacibi və bu tikintidə istismar olunaraq aldığı və Fransa həyatı üçün çox cüzi olan, səfil həyatına bəs edən maaşı yazaraq göstərir, özünə təsəlli verir. Ancaq üzündə bu acınacaqlı həyatdan küskün olduğu aydın oxunur. Hüquqlarının tapdandığını anlasa da, onu eşidənin olmadığını və olmayacağını bilir. Bəziləri müqavilə ilə həftədə 35 saat işləməli olduqlarını desələr də, bütün Fransa ərazisində şənbə gününün istirahət günü olmasına baxmayaraq, niyə işdə olduqları ilə bağlı suala diksinərək cavab verirlər. Şənbə günü işləmək həftədə 35 saatlıq iş vaxtından artıq qalmağın göstəricisidir. “Bu gün mən öz xoşuma gəlmişəm. Digər günlərdəki işimi asanlaşdırmaq üçün şənbə günü gəlməyə qərar verdim”, - deyə o naəlac şəkildə bildirir. Bu sözlər özlüyündə qeyri-qanuni işləyən bu insanların nə dərəcədə istismar olunmasından, eləcə də gördükləri işin son dərəcə ağırlığından xəbər verir. Fəhlələrin bəziləri ağır və təhlükəli işdə işlədiklərini bildirərək, ayda minimum əməkhaqqından da aşağı pul aldıqlarını dilə gətirdilər. Ancaq bu tikinti sahəsində fəhlələrin səhər saat 9-dan axşam saat 6-dək, hətta bəzən 9-dək işlədikləri bildirilir.
Fəhlələrdən bəziləri sənədləri olmadığı üçün belə vəziyyətdə işləməyi qəbul etdiklərini, başqa çarələri olmadığını deyirlər. Onlar kiçik bir otaqda 4 nəfər qaldıqlarını bildirirlər.
Rəsmi məlumata əsasən, Atletlər kəndinin tikintisində çalışan fəhlələrin 80 faizi miqrantlardır. 2021-ci ildən başlayan, əslində, 2022-ci ildən sürətlənən tikinti işlərində indiyədək 87 qəza qeydə alınıb ki, onlardan 11-i son dərəcə ağır olub. Bu qəzaların 40 faizi müvəqqəti işlərdə olan insanların başına gəlib.
İnsanların belə istismara məruz qaldığı, hüquqlarının pozulduğu ölkəni bir daha xatırladaq. Bu ölkə Fransadır.

Dünya 2023-01-23 19:03:00

Video