×
A
A
A
Sazlamalar

“Azərişıq”: Şəmkir rayonunun iki kəndinin elektrik şəbəkəsi yenidən qurulur

Bakı, 23 yanvar, AZƏRTAC
“Azərişıq” ASC ölkəmizin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, “Azərişıq” ASC-nin həyata keçirdiyi investisiya layihəsi çərçivəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 komplekt transformator məntəqəsi quraşdırılıb. Kənddə 8 kilometrə yaxın 10 kilovoltluq, 31 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətti yenilənib. İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. Ümumilikdə 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 komplekt transformator məntəqəsi quraşdırılır. Burada 52 kilometrə yaxın 10 kilovoltluq, 59 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətti dəyişdirilir.
Yuxarı Seyfəli və İrmaşlı kəndlərində abonentlərin sayğacları da yenilənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdırıldıqdan sonra ümumilikdə 1567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Energetika 2023-01-23 13:55:34