20 Yanvar şəhidlərinin xatirəsi Çexiyada anılıb
Praqa, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Çex Respublikasındakı səfirliyində anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın bu ölkədəki diaspor nümayəndələri, tələbələr və səfirliyin kollektivi iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə nəzər salaraq, ölkəmizin tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb.
Səfir 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu, məhz bu tarixdən qısa müddət sonra ölkəmizin müstəqilliyini bərpa etdiyini bildirib.
Böyük təzyiq və çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev həmin dövrdə nümayiş etdirdiyi siyasi iradədən bəhs edən A.Məmmədov Ulu Öndərin SSRİ rəhbərliyi tərəfindən törədilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Səfir, həmçinin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və postmünaqişə mərhələsində atılan addımlar barədə də iştirakçıları məlumatlandırıb. Müstəqilliyimizin qorunması və torpaqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın apardığı müqəddəs mübarizənin kökündə 20 Yanvar ruhunun dayandığını deyən səfir bu ruhun həmişə yaşayacağına əminliyini ifadə edib.
Tədbir çərçivəsində Qanlı Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub və fikir mübadiləsi aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı