×
A
A
A
Sazlamalar

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Siyasət Tədqiqatları İnstitutu ilə birgə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Azərbaycan xalqının milli iradəsi və əzmi - 20 yanvar 1990-cı ilin anılması” adlı seminar keçirib.
AZƏRTAC xəbər verir ki, seminarda müxtəlif beyin mərkəzlərinin rəhbərləri, tələbələr, səfirik əməkdaşları, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək ölkəmizin tarixinə Qara Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 33 il keçdiyini bildirib.
X.Fərhadov yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına Azərbaycan xalqının etiraz səsini boğmaq məqsədilə SSRİ rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı 20 Yanvar qırğınının törədildiyini qeyd edib.
Səfir sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaqla Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 147 nəfər qəddarlıqla qətlə yetirildiyini, 744 nəfərin isə ağır yaralandığı barədə məlumat verib.
X.Fərhadov 20 Yanvar faciəsinin “Qara Yanvar” adlandırılmasına baxmayaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb.
Diplomat Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımız ilə həmrəylik nümayiş etdirdiyini, bu cinayəti kəskin şəkildə pislədiyini, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini vurğulayıb. Səfir məhz xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini bildirib.
Azərbaycanın müstəqilliyi və suverenliyinə qarşı bütün hərəkətlərə hər zaman qətiyyətlə cavab veriləcəyini bildirən səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini xüsusi vurğulayıb.
Çıxışının sonunda Azərbaycan-Pakistan dostluq münasibətlərinə də toxunan X.Fərhadov hər iki ölkənin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidləri ehtiramla yad edib.
Siyasət Tədqiqatları İnstitutunun direktoru Xalid Rəhman, direktor müavini Seyid Abrar Huseyin, Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm və Pakistanın Milli Elmlər və Texnologiya Universitetinin beynəlxalq sülh və sabitlik mərkəzinin dekanı dosent Tuqral Yamin çıxış edərək Azərbaycan və Pakistan arasında dostluq əlaqələrindən danışıblar. Onlar 20 Yanvar hadisələrindən söhbət açaraq bu günün Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rol oynadığını və ölkənin azadlıq mübarizəsinin simvolu olduğunu qeyd ediblər.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Qan yaddaşı 2023-01-20 18:42:00

Video