20 Yanvar faciəsi - Azərbaycan xalqının sarsılmazlığının göstəricisi
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsindən 33 il ötür. Tariximizə Qanlı Yanvar kimi daxil olmuş bu hadisə Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, həmin dövrdə davam edən gərginliyin, erməni təxribatlarının qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi, xalqımızın etiraz səsini, respublikamızın suverenliyi və azadlığı uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 20-də dinc insanların üzərinə ordu yeridərək mülki vətəndaşları qırğına məruz qoydu. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəklədiyinə dəlalət edirdi. Bu qanlı cinayət xalqımızın mübarizə əzmini qıra bilmədi.
“20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə olub. 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Ulu Öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi”, - deyə Fatma Yıldırım bildirib.
Deputat vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir.
Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü. Güclü Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Başqa sözlə, Zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu da şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü təmin edilib.
Torpaq sürüşməsi nəticəsində Pakistanda 1 ailənin 12 üzvü həlak olub
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib