×
A
A
A
Sazlamalar

Koreyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Pekin, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Ramin Həsənov 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Bakıda törədilmiş faciə, Azərbaycanın müstəqilliyi uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətindən bəhs edən diplomat, sovet ordusunun ağır zirehli texnikaya malik hərbi kontingentinin Azərbaycana yeridilməsi nəticəsində günahsız insanların qətlə yetirilməsinin yeni tariximizin qanlı səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirib. 20 Yanvarın Ümumxalq Hüzn Günü olması ilə yanaşı, həm də yaxın tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayan R.Həsənov, törədilmiş bu cinayətin Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etmək iradəsini və əzmini qıra bilmədiyini, əksinə daha da gücləndirdiyini deyib.
Səfir həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusilə qeyd edərək, faciə barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir iştirakçılar Qanlı Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Qan yaddaşı 2023-01-20 16:30:00