×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Gəncə, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri "Əbədi məşəl" abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı keçirilən ümumşəhər tədbirində bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Saat 12:00-da Gəncə şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən siqnallar verilib.

Regionlar 2023-01-20 15:51:38