×
A
A
A
Sazlamalar

Şamaxı və İsmayıllıda “20 Yanvar” faciəsinin 33-cü ildönümü qeyd edilib

Şamaxı-İsmayıllı, 20 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
20 Yanvar faciəsinin 33-cü ildönümü Şamaxı və İsmayıllı rayonlarında da ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub.
Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
İsmayıllı rayonunda da icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvara həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər, kitablar və rəsm əsərləri nümayiş olunub, filmə baxılıb. Məktəblilərin ifasında şeirlər dinlənilib.
Həmçinin 20 Yanvar hadisələrinə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrində qalib gələn məktəblilər mükafatlandırılıb.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil sektorunun metodisti Rəşid Məmmədovun “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda məruzəsi dinlənilib.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Şamaxı və İsmayıllı rayonlarında da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.

 

Regionlar 2023-01-20 15:15:40