×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın şərəf tarixidir

İmişli, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

20 Yanvar hadisələrinin 33-cü ildönümü İmişlidə də izdihamla qeyd edilib. Sakinlər Şəhidlər xiyabanına gəlib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini ehtiramla anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edənlər müstəqilliyimiz uğrunda ayağa qalxan xalqımızın qəhrəmanlığından söhbət açıblar. Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də xalqımız sovet ordusunun qarşısına əliyalın çıxaraq müstəqillik uğrunda mübarizəsini dünyaya nümayiş etdirdi, şərəfli tarix yazdı. Bildirilib ki, şəhidlərimizin xatirəsi daim dərin ehtiramla xatırlanır. 33 il ötməsinə baxmayaraq, 20 Yanvar unudulmayıb və unudulmayacaq.

 

Regionlar 2023-01-20 12:51:01