×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və qəhrəmanlıq səhifəsidir

Lənkəran, 19 yanvar, İlkin Adıyev, AZƏRTAC

SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun tapşırığı ilə yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qətliam törədildi. Heydər Əliyev o zaman özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, törədilən qətliamı pislədi, hadisələrə hüquqi qiymət verilməsini, habelə günahkarların cəzalandırılmasını tələb etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər Lənkəranda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən dəyirmi masada səsləndirilib.
Dəyirmi masa iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edən icra başçısı Taleh Qaraşov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə ölkəmizdə siyasi-hüquqi qiymət verildi. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. 1994-cü il martın 29-da isə Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul olundu.
Digər çıxışlarda qeyd edilib ki, 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində səsləndirdiyi bəyanatı əks etdirən videoçarx nümayiş olunub.

Regionlar 2023-01-19 18:14:53