×
A
A
A
Sazlamalar

Larisanın qanlı ayaqqabısı

Bakı, 19 yanvar, AZƏRTAC
Adına görə məktəbdə utanırdı. Evə gələndə anasına deyib:
-Ana, mənim adımı niyə Larisa qoymusuz?
AZƏRTAC xəbər verir ki, Bakıdakı 134 nömrəli məktəbin şagirdi Larisa Məmmədova 1977-ci ildə Ukraynada doğulmuşdu. Adını da orada qoymuşdular. Bakıya qayıdandan sonra isə o, valideynlərinin ona verdikləri bu adı bəyənmirdi: “Beş ildən sonra şəxsiyyət vəsiqəsi alanda adımı dəyişib Lalə qoyacağam...” deyirdi.
Heç kim onun bu arzusuna qarşı çıxmırdı. Hətta ona bu adı verən atası Fərman və anası Qalina da...
Onda Larisanın 13 yaşı var idi. Fortepiano dərsləri alırdı. Ən böyük arzusu da musiqi müəllimi olmaq idi.
Rəssamlığı da çox sevirdi. Çəkdiyi rəsm əsərləri yaşından çox böyük idi. Toxuculuğu da öyrənmişdi, hətta özündən kiçik qardaşı Emin və bacısı Nərmin üçün geyim əşyaları da toxumuşdu.
... Yanvarın 19-u günü avtobus sürücüsü olan atası ilə işə getmək istəyib. O, atasının işinə getməyi, avtobusda gəzməyi çox sevirdi. Həmin gün anası onun bu fikrinə qarşı çıxır. Lakin Larisa inadından dönmür, valideynlərini yola gətirməyə çalışır:
-Ata, noolar, məni də apar! Gözlə, qoy geyinib gəlim...
Larisa elə dedi ki, atası onun qəlbini qıra bilmədi.
Qız o biri otağa keçib təzə donunu, ayaqqabısını, paltosunu geyindi, təzə yaylığı da başına bağladı. Valideynlərinin aldığı bu paltarları o, ilk dəfə idi ki, geyinirdi. Evdən atası ilə birlikdə çıxdılar...
...O gecə Bakı gülləbaran edildi, küçələr, yollar, binalar, evlər, avtomobillər güllə yağışına tutuldu. Günahsız insanlar qanına qəltan edildi. Gülləbaran edilən avtobuslardan birində isə ata-bala - Fərman və Larisa Məmmədovlar da var idi. Ata ayağından, qızı isə ürəyindən güllə yarası almışdı.
Xəstəxanada yaralılar çox idi. Həkimlər çatdıra bilmirdilər. İşıqlar sönmüşdü. Qaranlıq palatalar, imdad diləyən yaralı xəstələr...
O gecə sinəsi arzularla dolu Larisa həyata “əlvida” dedi. Qanlı şənbə gecəsinin qurbanları sırasında 13 yaşlı Bakı məktəblisi Larisa Məmmədovanın da adı yazıldı.
Onu meyitxanada tapdılar. Avtobusun şüşələri qırılaraq onun üz-gözünə dolmuşdu, hətta həmin gün təzə geyindiyi ayaqqabısı da qan və şüşə qırıntıları içində idi...
Şəxsiyyət vəsiqəsində adını dəyişə bilmədi, musiqi müəllimi olmaq arzusu ürəyində qaldı...
Anası o vaxtdan həmişə qara paltar geyinir. Sevimli qızının faciəli itkisi onu sızım-sızım sızladır, göyüm-göyüm göynədir. “Düz beş il Şəhidlər xiyabanına hər gün gedib onun məzarını ziyarət elədim, uşaqları da özümlə aparırdım. Gecələr tez-tez yuxuma girirdi. Qəbrin üstünü götürüb mərmər edən gecə yuxuma girib, qəbri göstərib mənə dedi ki, ana, bu daşlar, mərmər məni sıxır...
O, mənim bacım, rəfiqəm, əzizim idi. Onsuz yaşamaq çox çətindir, çox... İndi dörd nəvəm var, onlar da Larisanı çox istəyirlər, həmişə onun barədə soruşur, ondan danışır və onu xatırlayırlar. Larisanı görməsələr də... Övladlarımın, nəvələrimin xatirinə özümü ələ almağa, onları böyütməyə çalışıram. Hərənin öz yeri var. Amma qəlbimdə Larisanın yeri həmişə boşdur”, -deyir Qalina xanım.
Onun itkisindən sonra evdə olan paltarlarının hamısını paylayıblar. Amma bunun üçün peşmandırlar. Tək bir yaylığı qalıb. Anası deyir: “O, bu yaylığı çox sevirdi. 8 Mart münasibətilə almışdıq. Özü də bu yaylığı çox əzizləyirdi. İndi onun iyini elə bu yaylıqdan alıram”...
Əgər o namərd gülləyə tuş gəlməsəydi, Larisanın indi 46 yaşı olacaqdı. Yəqin ki, indi onun da ailəsi, uşaqları olacaqdı.
Olmadı, nə ailəsi, nə də uşaqları. 20 Yanvar gecəsi onun qəlbindəki arzular da gülləyə gəldi. Larisa özü uşaq olaraq qaldı, uşaq olaraq da qalacaq. Özü də həmişəlik!

 

Cəmiyyət 2023-01-19 11:33:00