×
A
A
A
Sazlamalar

20 Yanvar Azərbaycan tarixinin özündə faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsidir

Yevlax, 18 yanvar, AZƏRTAC

1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş nöqtəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlaxda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Rayon ictimaiyyətinin nümayəndələrinin, müharibə iştirakçılarının, təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə danışıb. Bildirib ki, qanlı hadisələrə görə Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə gedərək Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejiminin bu çirkin əməlini şiddətlə qınayan bəyanatla çıxış etmiş, xalqımızın haqq səsini cəsarətlə bütün dünyaya çatdırmışdır. Ulu Öndər Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq həyata keçirilən tədbirlər, onlara göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Bu qanlı tarixi hadisə bizim üçün həm hüznlü, həm də qürurlu hadisədir. Ona görə xalqımız azadlıq, müstəqillik ideyası ətrafında sıx birləşərək mübarizəyə qalxdı. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi, sovet rejiminin əməllərini kəskin şəkildə qınaması respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Ulu Öndər Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, mənfur siyasətinə qəti etirazını ifadə etmişdi.
Qeyd edilib ki, xalqımız mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elvin Əjdərli, 20 Yanvar hadisələrinin şahidləri Cahid Əliyev, Niyaz Hüseynov və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.
Tədbirdə 20 Yanvar hadisələrini özündə əks etdirən videoçarx göstərilib.

Regionlar 2023-01-18 22:04:00