×
A
A
A
Sazlamalar

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncə, 17 yanvar, AZƏRTAC

Gəncədə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti, ADAU-nun rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov çıxışında bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında qeyd edib ki, Ulu Öndər tarix yaradan şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz şəxsiyyət idi. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.
Sonra ADAU-nun müəllim və tələbələri mövzu ətrafında çıxışlar ediblər.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Regionlar 2023-01-17 20:12:00