×
A
A
A
Sazlamalar

“Qanlı Yanvardan istiqlala gedən yol” - Ədəbiyyat Muzeyində elmi sessiya

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Qanlı Yanvardan istiqlala gedən yol” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov açaraq 20 Yanvarın müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsi olduğunu bildirib. R.Hüseynov 20 Yanvar hadisələrinin elmi, siyasi, tarixi və fəlsəfi mahiyyətindən bəhs edib. Bu faciənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu vurğulayıb: “Hər bir xalqın həyatında elə anlar var ki, onlar həlledicidir. 20 Yanvar faciəsi haqqında zaman keçdikcə düşünərkən onu da dərk edirsən ki, bu hadisə millətin düşüncəsində və Azərbaycanın həyatında həlledici dönüş nöqtəsi oldu. 20 Yanvar faciəsi təkcə xalqımızın deyil, bütövlükdə keçmiş Sovet İttifaqının gələcək taleyini müəyyən edən bir hadisəyə çevrildi. Çünki Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi bu hadisədən bir il sonra elan edildi. Məhz həmin istiqlalın, dövlət müstəqilliyinin təməlində qanlı 20 Yanvar gecəsi baş verən hadisə durur. Həmin hadisə, eyni zamanda, millətin düşüncəsini dəyişdi. Sovet hökumətinin məqsədi o idi ki, üzərinə tank sürdüyü, gülləbaran etdiyi insanların içində qorxu hissini yaratsın, onların imperiya qarşısında acizliyini sübuta yetirsin. Ancaq əksinə oldu, insanlar imperiyaya qarşı səslərini qaldırdılar və mübarizəyə qalxdılar. Xalqın mübarizə əzmini qırmaq üçün 20 Yanvar faciəsi törədildi, yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı və həbs edildi, küçələr gülləbaran edildi. Məqsəd Azərbaycan xalqının azadlıq istəyini boğmaq, onu susdurmaq idi. Ancaq onlar öz məqsədlərinə nail ola bilmədilər. Məhz 20 Yanvar hadisələri xalqımızın öz milli azadlığına qovuşmasına təkan verdi və müstəqilliyə gedən yolun başlanğıcı oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”.
Vurğulanıb ki, 1990-cı il yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi.
Rafael Hüseynov ölkənin kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı, xalqın informasiya almaq hüququndan məhrum edildiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan ziyalılarının Qanlı Yanvar faciələri zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 20 Yanvar dəhşətləri ilə bağlı verdikləri müsahibələrdən söz açıb. Xatırladıb ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, 20 Yanvar faciəsini bütün dünyaya bəyan edib.
Həmin dövrdə ədəbiyyatımızda 20 Yanvar və şəhidlər mövzusu ilə bağlı qələmə alınan nümunələrdən söz açan akademik bu əsərlər arasında Xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçı-publisist Rafiq Səməndərin və digərlərinin yaradıcılığının xüsusi məna daşıdığını söyləyib.
“Hər bir azərbaycanlının borcudur ki, 20 Yanvar faciəsini unutmağa qoymasın. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur. Hər il ölkəmizdə və dünyanın müxtəlif yerlərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar müxtəlif tədbirlər, mitinq və yürüşlər keçirilir, minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir”, - deyə R.Hüseynov vurğulayıb.
Çıxışının sonunda Rafael Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə şəhidlərimizin qisasının alındığını, Qarabağda böyük quruculuq işlərinin aparıldığını və bu gün Azərbaycanın dünyada getdikcə daha yüksək mövqe tutduğunu söyləyib.
Elmi sessiyada Muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli 20 Yanvar hadisələrindən, onun acı nəticələrindən söz açıb, həmin günlərlə bağlı xatirələrini bölüşüb.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən slayd nümayiş olunub.

Qan yaddaşı 2023-01-17 17:39:00