×
A
A
A
Sazlamalar

Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur

Gəncə, 16 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb. Prorektor bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur. Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olub.
Tədbirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov “Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev “Tarix yaradan şəxsiyyət”, Azərbaycan dili kafedrasının müəllimləri Günel Məmmədova və Ayşən Nəbiyeva “Ümummilli Lider Heydər Əliyevin irsi milli sərvətimizdir” məruzələri ilə çıxış ediblər. Bildirilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Ümummilli Liderin rəhbərliyi dövründə Gəncə şəhəri hər zaman Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onlarca yeni iri sənaye müəssisəsi, səhiyyə, təhsil mərkəzləri, mədəniyyət ocaqları tikilib istifadəyə verilib.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Regionlar 2023-01-16 16:04:37