×
A
A
A
Sazlamalar

Şimal bölgəsi: 21 santimetr qar, 17 dərəcə şaxta VİDEO

Quba, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın şimal bölgəsində ən çox qar Qubanın Xaltan kəndinə yağıb. Burada qarın hündürlüyü 21 santimetrə çatır. Qubanın rayon mərkəzində isə 20 santimetr qar var.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur ( -17,3 dərəcə) Qubanın Qırız kəndində qeydə alınıb. Maraqlıdır ki, Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü cəmi 1 santimetrdir.
Qusarın rayon mərkəzində 13, Ləzədə 10, Xızı rayonunun Altıağac qəsəbəsində 16 santimetr hündürlüyündə qar qeydə alınıb.
Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Qarın yağdığı ilk gündə yollarla bağlı ən ciddi problem Quba-Qusar yolunda qeydə alınıb. Yolun Digah kəndi ərazisindən keçən hissəsindəki dolaylarda, eniş və yoxuşlarda avtomobillərin hərəkəti çətinləşib. Bəzi hallarda avtomobillərin yolda ilişib qalması səbəbindən hərəkət müvəqqəti dayanıb.
Çətinlik yaşanan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba və Qusarda yerləşən yerli idarələrinin növbətçi briqadaları, həmçinin yol polisi əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa edilib.
Hazırda Quba-Qusar, həmçinin Quba–Xınalıq yollarında ağır texnika ilə təmin edilən növbətçi briqadalar fəaliyyət göstərir. Bununla belə təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
Bütün şimal bölgəsində qar yağmaqda davam edir.

Regionlar 2023-01-09 10:35:41

Video