×
A
A
A
Sazlamalar

Suqovuşan su anbarında suyun səviyyəsi niyə azalıb? VİDEO

Suqovuşan, 7 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Son günlər Suqovuşan su anbarında suyun səviyyəsinin azalması ölkə ictimaiyyətinin narahatlığına səbəb olub. AZƏRTAC-ın bölgə müxbiri Suqovuşana gedərək, su anbarında suyun səviyyəsinin azalmasının səbəbi ilə maraqlanıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov bildirib ki, uzun müddət erməni işğalı altında olan Suqovuşan su anbarı nəzarətsiz qalıb, onun üzərində olan hidrotexniki qurğular baxımsızlıqdan yararsız hala düşüb. İşğaldan azad olunan ərazilərdə aparılan təmir-bərpa işləri çərçivəsində Suqovuşan su anbarının da təmirinə başlanılıb. Tender keçirilib və hazırda podratçı təşkilat təmir işlərini həyata keçirir. Təmir işləri ilə əlaqədar bənddə suyun səviyyəsi 12-13 metr aşağı salınıb.
Hazırda su anbarının yamacında beton üzlüyün bərpası işləri gedir. Dib qapıları və irriqasiya qapıları yenidən qurulur. Anbarda suyun səviyyəsi aşağı salındıqdan sonra həm də çox böyük miqdarda lillənmə müşahidə edilib. Görülən işlər çərçivəsində su anbarı lil çöküntülərindən də təmizlənəcək ki, bunun da nəticəsində anbarın faydalı həcmi artacaq.
Qeyd edək ki, Suqovuşan su anbarı 1975-ci ildə tikilərək istismara verilib. Su anbarının suvarma sahəsi 96 min 217 hektar, sahəsi 580 min kvadratmetr, həcmi 5,8 milyon kubmetrdir. Suqovuşan su anbarı uzun illər işğal altında qaldığından həm üzərindəki hidrotexniki qurğular, həm də su anbarından ayrılan kanallar yararsız hala düşüb. Eləcə də anbarın dibinin lillənməsi nəticəsində onun faydalı həcmi də azalıb.
Hazırda Suqovuşan su anbarı ilə yanaşı “Tərtər” sol sahil magistral kanalının tikintisi də həyata keçirilir. İkinci mərhələdə Tərtər sağ sahil kanalının, sol sahil kanalının paylayıcı hissələrinin bərpası, üçüncü mərhələdə şəbəkələrinin təmiri-bərpası nəzərdə tutulur.

Regionlar 2023-01-07 11:16:20

Video