×
A
A
A
Sazlamalar

“Rəsmlərimdə kompozisiyadan çox, rənglər danışır” - İntiqam Ağayev

Sumqayıt, 6 yanvar, Firuz Novruzov, AZƏRTAC

"Azərbaycan mənzərəsi" mövzusunda ən uğurlu rəssamlarımızdan biri kimi tanınan İntiqam Ağayev indiyədək çəkdiyi rəsmlərdə qəlbindən keçən hissləri rənglərlə ifadə etməyə çalışıb.
AZƏRTAC-ın əməkdaşı rəssamla görüşüb, onun yaradıcılığı ilə maraqlanıb.
Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdən sonra Azərbaycana qayıdan, peşəkar rəssamlıqla məşğul olmağa macal tapmayan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunu 1992-ci ildə könüllü Milli Orduya yazılıb. Bu gün əsərləri dünyanın müxtəlif ölkələrindəki sərgilərdə nümayiş olunan, şəxsi kolleksiyalarda saxlanılan İntiqam Ağayev peşəkar rəssamlıqla da ordudan tərxis olunandan sonra, 1998-ci ildən bəri məşğuldur.
Beynəlxalq simpozium və sərgilərə dəvət alan rəssamın 2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqında, 2018-ci ildə Tbilisidə, M.F.Axundovun ev-muzeyində “Abşeronun rəngləri” adlı fərdi sərgisi ölkə rəngkarlığında hadisəyə çevrilmişdi.
O, “Azərbaycan mənzərəsi” mövzusunda bir çox bölgələrin mənzərəsini işləyib və bu mövzu üzrə tanınıb. Lakin İntiqam Ağayev üçün bir əbədi mövzu var – Qarabağ. Onun Qarabağ müharibəsinə həsr etdiyi rəsmlər xüsusilə diqqət çəkir.
Həmkarları tərəfindən “rənglərlə savaşan rəssam” adlandırılan İntiqam Ağayev rənglərlə savaşmadığını, əksinə, özünü axtardığını deyir: “Hər mövzunun öz rəngi var. Soyuq, nikbin, qəm-kədər... Amma mən əsasən həyat eşqi aşılayan rənglərə üstünlük verirəm. Çalışıram ki, bu rəngləri soyuq rənglərlə vəhdətdə əks etdirim. Odur ki, rəsmlərimdə kompozisiyadan çox, rənglər danışır”.
Bu, Abşeron rəsm məktəbinin ənənəsidir. Ona görə də, tablolarda İntiqam Ağayevin imzasını görməsələr belə, rəsmsevərlər müəllifi müəyyənləşdirməkdə çətinlik çəkmirlər.

Regionlar 2023-01-06 17:32:03