×
A
A
A
Sazlamalar

Beynəlxalq Valyuta Fondu: Qlobal iqtisadiyyat 2023-cü ildə 2,7 faiz artacaq

Bakı, 30 dekabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına əsasən, qlobal iqtisadiyyatın 2023-cü ildə 2,7 faiz artacağı proqnozlaşdırılır ki, bu da daha öncəki proqnozdan 0,2 faiz bəndi azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Hesabatda iqtisadi artımın inkişaf etmiş ölkələrdə 1,1 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 3,7 faiz olacağı proqnozlaşdırılır. Bəzi analitik mərkəzlər hətta ABŞ və avrozonada resessiya ehtimalının əhəmiyyətli olduğunu bildirirlər.
Geosiyasi gərginlik fonunda növbəti ildə də qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən əsas amillərdən biri olacaq. Beynəlxalq təşkilatların son hesabatlarına əsasən qlobal iqtisadi artımın zəifləməsi dünya əmtəə qiymətlərindəki artımın 2023-cü ilin sonlarına doğru nisbətən səngiyəcəyini gözləməyə imkan verir. Bu da ayrı-ayrı ölkələrdə inflyasiyanın tədricən azalmasına təsir edə bilər. BVF-nin son proqnozlarına görə, 2023-cü ildə dünyada inflyasiya orta hesabla 6,5 faiz olacaq ki, bu da 2022-ci ildəkindən 2,3 faiz bəndi aşağıdır. Bununla belə qeyd olunan amillərin qaldığı şəraitdə inflyasiyanın yalnız 2024-cü ildə mərkəzi bankların hədəf dairəsinə geri dönəcəyi proqnozlaşdırılır. Dünyadakı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənlik yaratmaqla inflyasiyanın proqnozdan kənarlaşma riskinin qalmasına gətirib çıxarır.

Maliyyə 2022-12-30 13:17:00