×
A
A
A
Sazlamalar

Qeyri-neft-qaz sektoruna yönəlmiş birbaşa investisiyaların həcmi artıb

Bakı, 17 dekabr, AZƏRTAC

Cari ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 5 milyard 746,6 milyon dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (40,1 milyon dollar), portfel investisiyaları (569,3 milyon dollar) və digər investisiyalar (5137,2 milyon dollar) hesabına formalaşıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri 3 milyard 848,7 milyon dollar azalıb və bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-3 659,6 milyon dollar), neft bonusu (452,2 milyon dollar), portfel investisiyaları (-235,8 milyon dollar) və digər investisiyalar (-405,5 milyon dollar) hesabına baş verib.
Birbaşa investisiyaları üzrə xalis maliyyə aktivləri 40,1 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 3,7 milyard dollar azalıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,6 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0,8 milyard dollar olub. Ümumilikdə, birbaşa xarici investisiyalar üzrə 3,7 milyard dollar mənfi saldo yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69,8 faiz təşkil edib.
Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2,4 dəfə artaraq 1,4 milyard dollar olub.

Maliyyə 2022-12-17 17:14:00