×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Növbəti il üçün inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir

Bakı, 16 dekabr, AZƏRTAC

Bu ilin noyabrında aylıq inflyasiya 1 faiz, illik inflyasiya 15,1 faiz təşkil edib. İllik baza inflyasiya 14,7 faiz olub.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqedədir. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə, inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artıb, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalıb, tikintidə isə azalıb. Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15,6 faiz) çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.

Maliyyə 2022-12-16 11:35:00