×
A
A
A
Sazlamalar

Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda olub

Bakı, 9 dekabr, AZƏRTAC

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Abşeron rayonunda olub.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Dünyaşöhrətli müğənni, Xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülüb. Sonra qonaqlar Bakı şəhərindəki İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Qardaşlıq məzarlığı” əbədi xatirə kompleksini ziyarət ediblər.
Abşeron Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Abşeron rayonu ilə Həştərxan vilayəti arasındakı sıx əməkdaşlıqdan söz açılıb, bu sahədə böyük perspektivin olduğu bildirilib.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi vurğulanıb, Həştərxan şəhərində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Sonra Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Evində Həştərxan vilayətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert təqdim olunub.
Səfər çərçivəsində Həştərxan İş Mərkəzində Həştərxan vilayətində və Abşeron rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq subyektlərinin iştirakı ilə “Həştərxan vilayəti - Abşeron rayonu: yeni əməkdaşlıq imkanları” mövzusunda aqrosənaye konfransı da keçirilib.

Regionlar 2022-12-09 15:11:00