×
A
A
A
Sazlamalar

Nazir Hulusi Akar: “F-16” məsələsində ABŞ-dan konkret addımlar gözləyirik

Ankara, 8 dekabr, AZƏRTAC

NATO-nun açıq qapı siyasətini Finlandiyanın alyansa üzvlük məsələsində də dəstəkləyirik. Ancaq Madriddə imzalanan anlaşmanın şərtlərinin yerinə yetrilməsini gözləyirik. Konkret addımlar görmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada finlandiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir diqqətə çatdırıb ki, Türkiyə ABŞ-dan 40 ədəd “F-16” qırıcısı almaq, 79 təyyarəni isə modernləşdirmək üçün fəaliyyətini davam etdirir. Bu məsələ ilə bağlı prosesi müsbət dəyərləndirən Hulusi Akar deyib: “Bu müsbət yanaşmalardan (ABŞ-ın qarşıdakı il üçün müdafiə büdcəsində “F-16” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması) asılı olaraq indi ABŞ-dan müsbət və konkret addımlar gözləyirik”.
Təhlükəsizlik məsələlərində Türkiyənin tələblərini yaxşı başa düşdüklərini ifadə edən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Mülki insanlara qarşı həyata keçirilən terror aktlarını ən yüksək səviyyədə qınayırıq”.
Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığa böyük üstünlük verdiklərini vurğulayan finlandiyalı nazir daha sonra vurğulayıb: “Terrorla mücadilədə dəstəyimiz sizinlədir (Türkiyə ilə). Sizinlə birlikdəyik. Finlandiya olaraq qətiyyətli şəkildə terrorun bütün hallarını rədd edir və qınayırıq”.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-12-08 19:21:00