×
A
A
A
Sazlamalar

Türk Dünyası Sığorta Birliyinin nizamnaməsi Antalyada müzakirə olunacaq

Bakı, 2 dekabr, AZƏRTAC

Türkiyə Sığorta Birliyi (TSB) ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında keçirilən görüşdə iki ölkənin sığorta birlikləri arasındakı əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və yeni istiqamətlər müzakirə edilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Elmar Mirsalayev yerli sığorta bazarının hazırkı vəziyyəti, sektorun inkişaf dinamikası və həyata keçirilən layihələr haqqında məlumat verib.
TSB sədri Atilla Benli Türkiyənin sığorta sektorundakı yeniliklərdən söz açıb və Azərbaycanın sığorta bazarında qeydə alınan böyümə trendini yüksək qiymətləndirib.
Görüşdə Türk Dünyası Sığorta Birliyi layihəsi geniş müzakirə olunub. Tərəflər Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi”nin və hazırlanacaq nizamnaməsinin Birliyə üzv ölkələrin sığortaçılar birlikləri ilə 2023-cü ilin martında Antalyada keçiriləcək Beynəlxalq Sığorta Sərgisində müzakirəsi ilə bağlı ortaq razılığa gəliblər.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi 2020-ci ilin noyabr ayından qarşılıqlı əməkdaşlığa başlayıb. Türk Dünyası Sığorta Birliyi 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis olunub.

 

Maliyyə 2022-12-02 16:00:00