×
A
A
A
Sazlamalar

Professor: Milli Assambleyanın qətnaməsi istifadəyə yararsız kağız parçasıdır

Bakı, 1 dekabr, AZƏRTAC

Demokratiyadan dəm vuran Fransa Milli Assambleyasının tarixi gerçəkliyə və reallığa zidd olan belə bir iyrənc qətnamə qəbul etməsinin başlıca səbəbi müdafiə etdiyi işğalçı Ermənistan üzərində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni qəbul edə bilməməsi, Cənubi Qafqaz regionunda yürütdüyü ədalətsiz, qərəzli siyasətinə, ermənipərəst mövqeyinə görə Azərbaycan dövlətinin sol əlinin arxa tərəfi ilə qovulmasıyla bağlıdır. Fransanın belə davranışında başlıca məqsədi qovulduğu regiona yenidən düşmənçilik və qarşıdurma yaradaraq burnunu soxmaq və Azərbaycana təzyiq etməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. Bildirib ki, qəbul edilən qətnamə Azərbaycan üçün sənəd deyil, heç bir hüquqi qüvvəsi yoxdur: “Qətnamə qəbul edildiyi andan cırılıb atılıb və istifadəyə yararsız kağız parçasıdır. Onu qəbul edənlər belə bir kağız parçasından gecələr Parisin Şanze Lize küçəsində istifadə edə bilərlər.
Kağız parçası Azərbaycan ictimaiyyətində kəskin etiraz yaradır. Hər şeydən əvvəl, ona görə ki, bu kağız parçası Fransanın özünün də imzası ilə qəbul edilmiş BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına ziddir, onların ayaq altına atılmasıdır. Fransa qanunvericiləri hədlərini aşaraq dövlətimizin daxili işlərinə qarışmağa cürət etməyə uğursuz cəhd ediblər və kobud səhvə yol veriblər. Belə bir cəhdi qətiyyətlə rədd edirik. Heç bir ölkə daxili işlərimizə qarışa bilməz. Bənzər hərəkətlər gələcəkdə də uğursuz olacaq.
İkincisi, bu kağız parçası göstərir ki, 30 ilə yaxın müddətdə ərazilərimizin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasında, günahsız insan qanlarının tökülməsində, tarix və mədəniyyət abidələrimizin dağıdılmasında artıq dəfn edilmiş Minsk qrupunun həmsədri kimi bilavasitə Fransa da məsuliyyət daşıyır. Fransanın əli günahsız azərbaycanlıların qanına batıb.
Üçüncüsü, bu kağız parçası ilə fransız deputatlar Böyük Fransa İnqilabının “Azadlıq, bərabərlik və qardaşlıq” şüarına ləkə gətiriblər. Onda azadlıq, bərabərlik, qardaşlıq və barışdırıcılıq adına heç bir şey yoxdur, zülmət, kin-küdurət, terrorun təşviqi, işğalçı Ermənistanın tərəfini tutmaq və düşmənçiliyi dərinləşdirmək vardır.
Dördüncüsü, Fransanın Azərbaycanı ittiham etməyə heç bir tarixi, hüquqi, siyasi və mənəvi haqqı yoxdur. Bu cəsarəti tapanlar, ilk növbədə, özlərinə aynada baxmalıdırlar. O aynada Fransa öz tarixinin qanlarla dolu işğallar, soyqırımları, başqa millətlərin göz yaşları səhifələrini, Əlcəzairi görəcək. Deməli, həmin kağız parçasına səs verənlər bundan sonra regionda baş verə biləcək bütün mürəkkəb hadisələr üçün məsuliyyət daşıyacaqlar.
Hesab edirəm ki, özünü tamamilə gözdən düşürmüş, beynəlxalq normaları pozan Fransa ilə qarşılıqlı münasibətlər kompleksinə yenidən baxılmalı, rəsmi Parisə özünün layiq olduğu yer bir daha göstərilməlidir.
Bu kağız parçasını qəbul edənlər görünür, Azərbaycanı yaxşı tanımırlar. Belə hərəkətinə görə ən çox ziyanı Fransanın özü çəkəcək və çox peşman olacaq. Onun rəhbərləri Azərbaycan dövlətinin qapısında boyun büküb qəbul üçün gözləyən zaman heç kim təəccüblənməyəcək”.

Siyasət 2022-12-01 17:26:00