×
A
A
A
Sazlamalar

Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım göstərilir

Bərdə, 1 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarına, o cümlədən qazilərə, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixoloji yardımı davam etdirir. Nazirliyin dəvəti ilə Türkiyədən ölkəmizə gəlmiş 20-dən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən bu istiqamətdə fəaliyyət göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, göstərilən psixoloji yardımla bağlı ölkə əhalisinin daha çox məlumatlandırılması və bu xidmətdən ehtiyacı olan şəxslərin yararlanması məqsədilə Bərdə rayonuna mediatur təşkil edilib.
FHN-in əməkdaşı İlqar Abbasov bildirib ki, nazirlik Vətən müharibəsindən sonra əhaliyə psixoloji yardım göstərməkdə davam edir. Belə ki, 2021-ci ilin yanvar ayında nazirliyin dəvəti ilə Türkiyə Respublikasından ölkəmizə psixoloqlar gəlib. Nazirliyin psixoloqları ilə bərabər qarşılıqlı bilik və təcrübə mübadiləsi aparılıb, sonra 6 şəhərdə 8 ay müddətində əhaliyə psixoloji yardımlar göstərilib. Cari il sentyabrın 5-dən bu layihəyə yenidən start verilib. Eyni vaxtda altı şəhər və rayonda - Bakı, Sumqayıt, Gəncə, Bərdə, Lənkəran və Qəbələdə qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına, terrordan zərər çəkmiş vətəndaşlara psixoloji yardımlar göstərilməyə başlanıb. Üç aya yaxındır ki, proses davam edir. Qəbələ, Lənkəran və Sumqayıt şəhərlərində müraciətlərin sayı azaldığına görə orada olan psixoloqlar fəaliyyətlərini Cəlilabad və Xaçmaz şəhərlərində davam etdirirlər. Ötən müddət ərzində 1187 vətəndaşa, o cümlədən 180 uşağa 2837 seans psixoloji yardım göstərilib.
Türkiyədən gəlmiş psixoloq Faruk Tilci bildirib ki, daha çox müharibə iştirakçıları, qazilər, veteranlar, Bərdə terrorundan zərər çəkənlər müraciət edirlər. “Üç aydır Bərdədə seansları davam etdiririk. Vətəndaşlarda travma, stres, depressiya, yuxu problemi kimi şikayətlər üstünlük təşkil edir. Bir neçə seansdan sonra onlarda yaxşılığa doğru fərqi görməyə başlayırıq. Bu da bizi sevindirir”.
Ehtiyatda olan polkovnik-leytenant Dəyanət Əliyev göstərilən psixoloji yardımların əhəmiyyətini yüksək qiymətləndirib: “Bu layihə psixoloji problemlər yaşayan müharibə iştirakçılarına müsbət təsir göstərir. Layihənin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlanılıb. Hazırda Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabadda ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Regionlar 2022-12-01 16:27:00