×
A
A
A
Sazlamalar

“Biznesə daxilolma” İşçi Qrupunun iclasında Yol Xəritəsi üzrə görülən işlər barədə məlumat verilib

Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi Qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub.
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına Yol Xəritəsi üzrə həyata keçirilən işlər barədə məlumat verib.
İclasda kommersiya qurumlarının dövlət qeydiyyatı zamanı eyniləşdirmə tədbirlərinin təkmilləşdirilməsi, qeydiyyat prosesi zamanı BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş şəxslər haqqında məlumata giriş imkanının yaradılması, təsisçi və rəhbərin bu siyahı üzrə yoxlanılması sahəsində beynəlxalq təcrübənin araşdırılması, beynəlxalq sənədlərdə nəzərdə tutulan tövsiyələrin milli qanunvericilik və inzibatçılıqla müqayisə edilməsi, bu sahədə ölkədə mövcud olmayan təcrübənin tətbiqi ilə bağlı təkliflərin hazırlanması məsələlərinə baxılıb.
İclas iştirakçıları Yol Xəritəsinin aidiyyəti bəndlərində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə hazırlanmış qanun layihələri və Azərbaycan Respublikası Prezidentinin fərman layihələri barədə geniş müzakirə aparıblar.
Qeyd olunub ki, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Tədbirdə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, həmçinin İşçi Qrupa daxil olan bir sıra aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Maliyyə 2022-11-30 19:29:00