×
A
A
A
Sazlamalar

“Şuşa İli” çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub

Bakı, 30 noyabr, AZƏRTAC
Şuşanın kirəmid döşənmiş qədim küçələri, xarıbülbülün bitdiyi Cıdır düzündən görünən Topxana meşəsi, Üçmıx dağı, minarələri göyə ucalan Gövhər Ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərən igidlərin portreti, müxtəlif məhsullardan düzəldilmiş qədim və milli musiqi alətləri, üstü müxtəlif naxışlarla bəzədilmiş muncuqlar, təsbehlər, işləmələr və qotazlar...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa İli - Şuşa Zəfəri”nə həsr edilmiş sərgidə sulu və yağlı boya ilə çəkilmiş şəkillərin, ağac üzərindəki oymaların, xalça və toxuculuq nümunələrinin, dulusçuluq və muncuqlardan düzəldilmiş toxuculuq əsərlərinin tam olmayan siyahısını belə xarakterizə etmək olar.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Sosial Xidmətlər Agentliyi İdarə heyətinin sədrinin müavini Faiq Ağayev deyib: “Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il Şuşa İli elan edilib və bununla əlaqədar olaraq agentlik Şuşa İli çərçivəsində silsilə tədbirlər həyata keçirir. Həmin silsilədən olan növbəti tədbirlərdən biri də bu gün İqtisad Universiteti ilə birgə təşkil olunan satış-sərgidir. Təkcə bu il 8 belə satış-sərgi təşkil edilib. Belə tədbirlərin həyata keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin, o cümlədən Vətən müharibəsi əlillərinin bacarıq və istedadlarını üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının genişləndirilməsinə dəstək vermək və cəmiyyətə inteqrasiyasının təmin olunmasına kömək göstərməkdən ibarətdir. Satış-sərgidə Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin 8 istiqamət üzrə 700-ə yaxın əl işi nümayiş olunur”.
Xalçaçılıq, muncuqlarla toxuculuq, dulusçuluq və s. sənət növlərində təqdim edilən yaradıcılıq nümunələri sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, Peşə-əmək Reabilitasiya Mərkəzində 15-29 yaş qrupundan olan əlilliyi olan şəxslərə peşə hazırlığı və peşə reabilitasiyası təşkil edilir, həmçinin onlar reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunurlar.
...Əlilliyi olan şəxslərin əlləri ilə hazırlanmış sənət nümunələrinin hər biri mədəniyyət beşiyi olan Şuşanın bir küçəsini, bir dalanını, qədim və tarixi şəhərin ayrı-ayrı məkan, məscid, bina və mərkəzlərini, onun gözəlliyini əks etdirən bir guşəsini canlandırır.

Sosial 2022-11-30 12:13:00