×
A
A
A
Sazlamalar

Asiya İnkişaf Bankı Naxçıvanda yeni layihə icra edəcək

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Asiya İnkişaf Bankının əməkdaşları Naxçıvan Muxtar Respublikasında olublar. Nümayəndə heyətinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında irriqasiya və drenaj sisteminin inkişafı” layihəsinin yekun hesabatının təqdimatı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə qonaqlar əvvəlcə mərkəzin fəaliyyəti ilə tanış olublar.
Muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev, iqtisadiyyat naziri Tapdıq Əliyev, kənd təsərrüfatı naziri Bəhruz Bayramov, ekologiya və təbii sərvətlər naziri Mayis Əliyevin iştirak etdiyi görüşdə hidrologiya sahəsi üzrə beynəlxalq mütəxəssis Rameş Bandhau Aryal “Naxçıvan Muxtar Respublikasında irriqasiya və drenaj sisteminin inkişafı” layihəsinin yekun hesabatı barədə məlumat verib. Bildirib ki, reallaşacaq layihə kənd təsərrüfatının inkişafı üçün çox önəmlidir. Layihədə suvarma, drenaj və meliorasiya fəaliyyəti, sudan istifadənin səmərəliliyi nəzərdə tutulub. Məqsəd ərzaq təhlükəsizliyinə töhfə vermək, kənd təsərrüfatı məhsullarının istehsalını və məhsuldarlığını yüksəltmək, bu sahədə müasir yanaşmaları tətbiq etməkdir.
“Naxçıvanda qadın sahibkarlığın inkişaf etdirilməsi də layihənin başlıca istiqamətlərindəndir. Bu çərçivədə idarəetmə, maliyyə, əkin zamanı düzgün məhsulların seçilməsi ilə bağlı müxtəlif təlimlər keçiriləcək, 6 alt layihə əsasında muxtar respublikanın iqliminə uyğun irriqasiya və drenaj sistemi qurulacaq”, - deyən hidrologiya sahəsi üzrə beynəlxalq mütəxəssis qeyd edib ki, layihə Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarında tətbiq olunmaqla, ümumilikdə, 43 min 528 hektar ərazini əhatə edəcək. Layihə çərçivəsində Qaraçuq magistral beton kanalında, Culfa rayonundakı Bənəniyar Su Anbarına sugətirici beton kanalında, Şərur, Kəngərli və Sədərək rayonlarını əhatə edən Arpaçay sağ və sol sahil kanallarında bərpa və yenidənqurma işləri aparılacaq. Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Yurdçu kəndlərindəki əkin sahələrinin su ilə təchizatında mühüm rol oynayacaq ikimərhələli nasos stansiyası tikiləcək. Böyükdüz, Xok kəndlərindəki mövcud qapalı drenaj şəbəkələri müasirləşdiriləcək, Şərur rayonunun Püsyan və Tumaslı kəndlərində qapalı drenajlar tikiləcək.
Rameş Bandhau Aryal layihənin icra planı haqqında da məlumat verib.
Görüşdə layihənin texniki parametrləri müzakirə edilib, təkliflər dinlənilib.

Regionlar 2022-11-29 13:07:00