×
A
A
A
Sazlamalar

Bu il Dövlət Proqramı çərçivəsində 200-dən çox tələbə Böyük Britaniyada təhsil almaq şansı qazanıb

Gəncə, 29 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin və “British Council” təşkilatının dəstəyi ilə Azərbaycanda ümumtəhsil müəssisələrinin müəllimlərinin ingilis dili biliklərinin keyfiyyətinin artırılmasına dair icra olunan layihənin bağlanış mərasimi keçirilib.
Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, "British Council"un Geniş Avropa bölməsinin imtahanlar üzrə direktoru Keşaf Şridharan, təşkilatın Azərbaycandakı rəhbəri Nərgiz Hacıyeva, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir Fergus Auld bildirib ki, ingilis dilinin tədrisi Azərbaycanda ildən-ilə artır. Bu təlim Gəncənin məktəblərində ingilis dilinin tədris edən 120-dən artıq müəllimi əhatə edir.
“Məqsəd gənclərə ingilis dilinin tədris edən müəllimlərin metodologiyasını daha da artırmaqdır. Biz azərbaycanlı tələblərin ingilis dilinin mükəmməl səviyyədə öyrənərək Böyük Britaniyada təhsil almalarında maraqlıyıq”,- deyə səfir əlavə edib.
Çıxışlar zamanı qeyd olunub ki, Böyük Britaniyada azərbaycanlı tələblər ali təhsil almaq arzusuna görə dünyada 3-cü yerdə dayanır. Bu il Dövlət Proqramı çərçivəsində 200-dən çox tələbə Böyük Britaniyada təhsil almaq şansı qazanıb.
Qeyd edək ki, təlimlər 3 mərhələdə olmaqla "British Council"un təlimçilərin tərəfindən tədris edilib. Təlimlərin keçirilməsində məqsəd ingilis dili müəllimlərinin bilik keyfiyyətinin artırılması olub.
Təlimin sonunda Aptist testləri keçirilərək müəllimlərə səviyyə sertifikatları təqdim edilib.

 

Regionlar 2022-11-29 10:09:00