×
A
A
A
Sazlamalar

ATƏT PA-nın payız sessiyasında Qarabağda aparılan quruculuq və yenidənqurma işlərindən danışılıb

Varşava, 25 noyabr, AZƏRTAC

Polşanın paytaxtı Varşavada ATƏT Parlament Assambleyasının payız sessiyası işini davam etdirir. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiyada iştirak edir.
AZƏRTAC xəbər verir ki, millət vəkili, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə sessiyada çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı vəziyyət, ölkəmizin maraqlarına aid məsələləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Öz çıxışında Əminə Ağazadə müasiri olduğumuz dünyanın hazırda çox çətin bir dövrdən keçdiyini qeyd edib. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropada baş verən irimiqyaslı münaqişələr, dünyanı bürüyən enerji, ərzaq və digər böhranlar buna əyani sübutdur. Dünya ölkələri indi yeni, tamam başqa mənzərə ilə üz-üzədir.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı cari vəziyyətə toxunan millət vəkili bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyub və regionda davamlı sülhün bərqərar olması üçün razılaşdırılmış parametrləri müəyyən edib. Müharibə başa çatdıqdan və münaqişə həll olunduqdan sonra artıq Azərbaycan dövlətinin mütləq prioriteti yuxarıda qeyd olunan üçtərəfli Bəyanatın imzalanması ilə ortaya çıxan kövrək sülhün davam etdirilməsi və möhkəmləndirilməsidir. Bu məqsədlə münaqişədən sonrakı dövrdə regionda yenidənqurma işlərinin və xalqlar arasında sülhə yönəlmiş inteqrasiya proseslərinin başlanması, bununla bağlı real fəaliyyətin həyata keçirilməsi olduqca vacibdir.
Azərbaycan hökuməti onilliklər boyu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin kütləvi dağıntılarla müşayiət olunan işğalının nəticələrinin, o cümlədən humanitar nəticələrin aradan qaldırılmasına yönəlmiş əməli addımlar həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz maliyyə imkanları hesabına genişmiqyaslı quruculuq işləri aparılır.
Məcburi köçkünlərin probleminə diqqəti çəkən deputat Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz və rahat şəkildə qaytarılması üçün proqramlara start verildiyini bildirib. Lakin təəssüf ki, azad edilmiş ərazilərdə minalanmış sahələrin böyük miqyasda mövcud olması məcburi köçkünlərin təhlükəsiz formada öz evlərinə qayıtmasına mane olur. Biz məcburi köçkünlərin qayıtmasını və Qarabağ üçün yeni dövrün başlanmasını səbirsizliklə gözləyirik. Zəngilan rayonunun Ağalı kəndi artıq bu yaxınlarda 50 məcburi köçkün ailəsini qəbul edib. Sentyabr ayında kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalındı. Əminliklə deyə bilərik ki, bu ərazilərə həyat qayıdıb.
Münaqişədən sonrakı yenidənqurma prosesinin başqa bir istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına yönəlib. İşğal dövründə ərazinin tarixi-mədəni xüsusiyyətləri dəyişdirilib, Azərbaycan mədəni-tarixi köklərinin əlamətləri silinib, məhv olunub. Məsələn, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Salamat qalmış iki məscid hərbi məqsədlər üçün istifadə olunduğundan tam dağıdılmaqdan qurtula bilib.
Azərbaycan onilliklərdir ki, beynəlxalq ictimaiyyətə, o cümlədən UNESCO-ya işğal olunmuş ərazilərə səfər etmək və mədəni irsə məruz qalmış misli görünməmiş dağıntıların, vandalizmin və talanların miqyasını qiymətləndirmək üçün müraciət edir. Bununla belə, UNESCO-nun texniki missiyasının regiona göndərilməsi konkret iştirakçı dövlət tərəfindən öz siyasi maraqlarına görə əngəllənir.
Əlavə olaraq Əminə Ağazadə digər bir humanitar problemi, keçmiş münaqişə dövründən taleyi məlum olmayan 4000-ə yaxın azərbaycanlı haqqında məsələni də sessiya iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, münaqişədən sonrakı hallara xüsusi diqqət yetirməsi, davamlı sülh quruculuğu və barışığı inkişaf etdirmək üçün yanlış hərəkətlərin aradan qaldırılması və hesabatlılığın yaradılması zərurəti haqqında ətraflı məlumat verilməsi vacib şərtlərdən biridir.
Millət vəkili irəliyə doğru yeganə yolun beynəlxalq hüququn fundamental prinsipləri və ATƏT-in prinsip və öhdəlikləri əsasında regionda sülhün möhkəmləndirilməsində olduğunu xüsusi olaraq vurğulayıb. Əminə xanım qeyd edib ki, hazırkı kritik məqamda biz parlamentarilər olaraq bu prosesi dəstəkləməli, həssas normallaşma prosesinə mane olan və regionda parçalanmaları dərinləşdirən hərəkətlərdən və bəyanatlardan çəkinməliyik.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Varşava 

Siyasət 2022-11-25 16:09:00