×
A
A
A
Sazlamalar

"Yerli qida məhsulları həftəsi"nın açılış mərasimi olub

Bakı, 23 noyabr, AZƏRTAC

Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icra etdiyi “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafi” layihəsi çərçivəsində "Yerli qida həftəsi"nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakıda təşkil olunan tədbirdə layihədən yararlanan kiçik fermer təsərrüfatlarının, sahibkarlıq müəssisələrinin istehsal etdikləri məhsullar təqdim olunub. Tədbirdə, həmçinin ölkəmizin Şimal-Qərb bölgəsinə məxsus yerli təamların təqdimatı və dequstasiyası, xörəklərin hazırlanması üzrə mütəxəssis dərsi təşkil edilib.
Tədbirin əsas məqsədi yerli fermer və istehsalçılara dəstək olmaq, yerli qida və məhsulların tanıdılmasını təşviq etməkdir. Mərasim zamanı layihə çərçivəsində yeni yaradılmış “Yurdumun ləzzəti” brendinə daxil olan yerli qida məhsulları da iştirakçılara təqdim edilib. Arıçılıq məhsulları, müxtəlif çeşiddə mürəbbələr, qoz-fındıq əzmələri və qurudulmuş meyvə kimi məhsullar sərgilənib. Məhsullarla yanaşı layihə çərçivəsində hazırlanan bölgəyə məxsus “Qida reseptləri” kitabının təqdimatı keçirilib.
Açılış mərasimində çıxış edən FAO-nun əməkdaşı, FAO Azərbaycan Əməkdaşlıq Proqramının meneceri Vugar Mehdiyev tədbirin məqsədi, layihə çərçivəsində görülmüş işlər və yerli qida məhsulların hədəf regionun inkişafında oynayacağı rol haqqında danışıb. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko açılış nitqi ilə çıxış edib.
Layihənin icrası müddətində 7 dəyər zənciri üzrə 23 istehsal qrupu yaradılıb və onların hər birində kiçik istehsalçılar cəmləşib. Qrupların istehsal istiqamətləri dəyər zənciri üzrə seçilmiş məhsullar - bal, arıçılıq məhsulları, meyvə qurudulması, mürəbbə istehsalı, bəkməz, qoz-fındıq məhsulları və qurudulmuş ət məhsullarıdır. Seçilmiş dəyər zənciri iştirakçıları öz istehsal sahələrini genişləndirmək və istehsal prosesini bazarın tələblərinə uyğun qurmaq məqsədilə layihə tərəfindən zəruri avadanlıq və alətlərlə təchiz ediliblər.
Layihənin digər istiqamətlərindən biri də bölgənin turizm potensialını öyrənmək və bölgədə aqroturizmə dəstək olmaqdır. Qax, Zaqatala və Balakən rayonlarının hər birində bir aqroturizm mərkəzi müəyyən edilib, təsərrüfat rəhbərləri və işçilər kənd turizmi, satış, qonaqlama xidməti mövzusunda təlimlərə cəlb olunublar. Həmçinin layihə çərçivəsində xüsusi “Yurdumun ləzzəti” brendinin, 100-dən çox yerli istehsal olan qida məhsullarının loqolarının hazırlanmasına dəstək göstərilib.

 

Sosial 2022-11-23 15:49:00