×
A
A
A
Sazlamalar

Serbiya və Kosovo rəhbərləri Brüssel görüşündə razılığa gələ bilməyiblər

Belqrad, 22 noyabr, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti noyabrın 21-də Brüsseldə keçirilən görüşdə razılığa gələ bilməyiblər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədilə keçirilən görüşdə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel də iştirak edib. C.Borel görüşdə tərəflərin gərginliyi azaltmaq üçün heç bir həll yolu tapmadığını bildirib.
Şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanları ilə bağlı yaranan böhran bir müddətdir Serbiya və Kosovo arasında gərginliyə səbəb olub.
Xatırladaq ki, iyulun sonunda Kosovo hökuməti avqustun 1-dən etibarən Serbiya şəxsiyyət vəsiqəsinə sahib şəxslərin Kosovoya daxil olmaları və ölkədən çıxmaları üçün müvəqqəti bəyannamə blanklarının verilməsinə, həmçinin Serbiya tərəfindən Kosovodakı serblərə verilmiş avtomobil nömrə nişanlarının Kosovoya məxsus nömrələrlə dəyişdirilməsinə qərar verib. Kosovodakı serblər buna etiraz edərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayıb və iki ölkə arasında gərginlik yaşanıb. Kosovo hökuməti qaydaların tətbiqini sentyabrın 1-dək təxirə salmaq qərarına gəlib. Daha sonra Kosovo tərəfi avtomobil nömrə nişanlarının yenidən qeydiyyatı prosesinin 2023-cü ilin aprel ayınadək təxirə salındığını, lakin noyabrın 21-dən etibarən bu nəqliyyat vasitələrinin sahiblərinin cərimələnəcəyini bildirib.
Bu gündən etibarən Kosovonun hüquq-mühafizə orqanları avtomobillərini Serbiyanın dövlət nömrə nişanı ilə idarə edən vətəndaşları cərimələməyə başlayıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2022-11-22 00:43:00