×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovinada müharibəyə son qoyan Dayton müqaviləsinin imzalanmasından 27 il ötür

Sarayevo, 21 noyabr, AZƏRTAC

Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin başa çatması ilə nəticələnən Dayton sülh müqaviləsinin imzalanmasından 27 il ötür.
AZƏRTAC xəbər verir ki, 1995-ci il noyabrın 21-də ABŞ-ın Dayton şəhərində imzalanan müqavilə ilə təxminən 4 il davam edən müharibəyə son qoyulub. Müqavilə nəticəsində bölgədə sülhə nail olunsa da, Bosniya və Herseqovinada mürəkkəb siyasi vəziyyət yaranıb, ölkə iki inzibati vahidə və muxtar bölgəyə bölünüb. Bu müqavilə ilə bosniyalılar, xorvatlar və serblər “ölkənin qurucu xalqları” kimi tanınıb. Belə ki, bosniyalı, serb və xorvat üzvdən ibarət olmaqla Rəyasət Heyəti dövlətin ən yüksək orqanı kimi müəyyənləşib. Xalq tərəfindən 4 il müddətinə seçilən Rəyasət Heyətinin üzvləri rotasiya əsasında 8 ay müddətində sədr kimi fəaliyyət göstərirlər.
Mürəkkəb siyasi quruluşun olduğu ölkədə hazırda inzibati vahid, kanton və əyalət səviyyəsində 5 rəhbər (onlardan üçü Rəyasət Heyətinin üzvüdür), 13 Baş nazir və 130-dan çox nazir var.
Xatırladaq ki, keçmiş Yuqoslaviyanın parçalanması ilə 1992-ci il 29 fevral-1 mart tarixlərində Bosniya və Herseqovinada müstəqillik referendumu keçirilib. Ölkədəki serblərin əksəriyyətinin boykot etdiyi referendumda iştirak edənlərin demək olar ki, hamısı müstəqilliyə səs verib.
Dörd ilə yaxın davam edən müharibə nəticəsində Bosniya və Herseqovinada 2 milyondan çox insan öz yurd-yuvasını tərk edib, əksəriyyəti dinc sakin olmaqla 300 mindən çox insan həyatını itirib. Müharibənin son ilində bir neçə gün ərzində Srebrenitsa şəhəri və ətraf bölgələrdə 8 mindən çox dinc bosniyalı qətlə yetirilib. İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insanlıq faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2022-11-21 18:09:00