×
A
A
A
Sazlamalar

İsveçin cənub bölgələrinə yağan güclü qar ciddi problemlərə səbəb olub

Stokholm, 21 noyabr, AZƏRTAC

Güclü qar İsveçin cənub bölgələrində ciddi problemlərə səbəb olaraq, təyyarə uçuşlarının gecikməsinə, ictimai və şəhərlərarası nəqliyyatda problemlərə, eləcə də yolların bağlanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, İsveçin Hidrologiya və Meteorologiya İnstitutu, krallığın cənub hissəsində yollarda həddindən artıq məhdud gediş-gəliş riskinin və nəqliyyat sisteminin işində problemlərin yaranacağını nəzərdə tutan narıncı xəbərdarlıq elan edib.
Ümumiyyətlə, çətin hava şəraiti İsveçin altıdan çox cənub əyalətində çətinliklərə səbəb olub. Stokholmda bəzi yerlərdə qarın qalınlığı 40 santimetrə çatır.
Hava şəraitini nəzərə alaraq, İsveç Nəqliyyat İdarəsi sürücülərə öz avtomobillərindən istifadə etməməyi və ya görmə məsafəsinin azalması və yolların buz bağlaması səbəbindən diqqətli olmağı tövsiyə edib. Lakin hava şəraiti İsveç paytaxtında bir çox avtomobil sahiblərini dayandırmayıb, nəticədə bazar ertəsi səhər saatlarında bir neçə magistralda eyni anda bir neçə kilometrlik tıxaclar müşahidə olunub və bir neçə zəncirvari qəza qeydə alınıb.
İctimai nəqliyyatın fəaliyyətindəki problemlərə görə vəziyyət daha da mürəkkəbləşib. Paytaxt regionunda avtobus, dəmir yolu və hava nəqliyyatının fəaliyyətində pis hava şəraiti ilə bağlı problemlər haqqında məlumatlar daxil olmağa davam edir. Güclü qar elektrik enerjisi təminatında kəsilmələrə, eləcə də bir çox qatar və avtobus reyslərinin ləngiməsinə və ləğvinə səbəb olub. Öz növbəsində, Stokholm regionunda mövcud olan üç hava limanından ikisi reyslərin uçuş qrafikində gecikmələrlə üzləşib.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

Dünya 2022-11-21 13:38:00