×
A
A
A
Sazlamalar

Kosovo polisi Serbiya nömrəli avtomobillərin sahiblərini cərimələməyə başlayıb

Bakı, 21 noyabr, AZƏRTAC

Kosovonun hüquq-mühafizə orqanları avtomobillərini Serbiyanın dövlət nömrə nişanı ilə idarə edən vətəndaşları cərimələməyə başlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Kosovo polisi bu barədə özünün feysbuk səhifəsində məlumat yayıb.
“1 noyabr 2022-ci il tarixli rəsmi qərarda nəzərdə tutulduğu kimi, Kosovo polisi qeyri-qanuni dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin sahiblərini cərimələyib”, - deyə məlumatda bildirilir.
Məlumata görə, noyabrın 20-də 1740 cərimə ilə bağlı qərar qəbul edilib. Həmin nəqliyyat vasitələrinin sahibləri Serbiya nömrələrinin Kosovo nömrələrinə dəyişdirilməsi üçün müvafiq orqanlara müraciət etməlidir.
Serbiyanın dövlət nömrə nişanlarının Kosovo nömrələrinə keçirilməsi prosesi sentyabrın 1-dən başlayıb və iki ay davam edib.

Dünya 2022-11-21 12:17:00