×
A
A
A
Sazlamalar

İtaliyada şiddətli quraqlığın kənd təsərrüfatı sektoruna təsiri davam edir

Roma, 21 noyabr, AZƏRTAC

İtaliyada yay aylarında qeydə alınan anomal istilərlə yanaşı, sentyabr və oktyabr aylarında əvvəlki illərə nisbətən daha az yağıntının düşməsi nəticəsində yaşanan şiddətli quraqlığın kənd təsərrüfatı istehsalına təsiri davam edir.
AZƏRTAC xəbər verir ki, isti yay aylarından sonra İtaliyada payız fəsli də əvvəlki illərlə müqayisədə daha isti və yağıntısız keçib. İtaliya Milli Tədqiqat Şurasının Atmosfer və İqlim Elmləri üzrə İnstitutu cari ildə ölkədə 1800-cü ildən bəri ən isti ilin qeydə alındığını açıqlayıb.
İtaliyada, həmçinin bu il son 70 ilin ən şiddətli quraqlığı yaşanıb. Ölkə üzrə kənd təsərrüfatı istehsalının 30 faizinə təsir edən İtaliyanın ən böyük çayı olan Po çayında suyun səviyyəsi normadan 3 metr aşağı düşüb. Su ehtiyatlarının illik orta göstəricidən 70 faiz aşağı olduğu bildirilib. Hazırda kənd təsərrüfatı sektorunda suvarma mövsümü başlayıb, lakin böyük göllərin doluluq nisbəti 30 faiz səviyyəsindədir.
Fermerlər quraqlığın bir neçə milyard dollar itkiyə səbəb olduğunu bildirirlər. Mütəxəssislər noyabr ayından yağıntıların başlaması ilə vəziyyətin düzələcəyinə ümidvar olduqlarını qeyd ediblər.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-11-21 06:53:00