×
A
A
A
Sazlamalar

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Lənkəran, 20 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrında mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa konkret cinayət faktı üzərində qurulub. Belə ki, gənc hüquqşünas Şöhrət Poladov Xınalı rayonunun prokuroru təyin olunur. Anası Surə xanım oğlunun bu təyinatına əsla sevinmir. Məlum olur ki, onun əri illər öncə Xınalıda qətlə yetirilib amma cinayətin üstü hələ də açılmayıb. Surə xanım nə qədər çalışsa da, Şöhrəti inadından döndərə bilmir. Xınalıda isə Şöhrəti çətin işlər gözləyir. Belə ki, tikinti trestində cinayət hadisəsi baş verib, günahsız şəxs həbsxanaya salınıb. Əsl cinayətkarları ifşa etməkdən ötrü rayon prokuroru Şöhrət Poladovun bacarıq və peşəkarlığından çox şey asılıdır. Son nəticədə ədalət zəfər çalır, prokuror Poladovun gərgin səyləri sayəsində cinayətin səbəbkarları layiqli cəzasına çatırlar.
Alqışlarla qarşılanan tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Amil İbrahimli (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa ediblər.
Tamaşa 1976-1987-ci illərdə Lənkəran rayonunun prokuroru vəzifəsində çalışmış Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr olunub.

Regionlar 2022-11-20 15:21:00