×
A
A
A
Sazlamalar

Narkomaniya insanı nəinki ailədən, cəmiyyətdən də təcrid edir

Zərdab, 19 noyabr, AZƏRTAC

Zərdab Polis Şöbəsinin və təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Çallı kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən polis rəisinin müavini, polis polkovnik-leytenantı İkram Əhmədov bəşəriyyətin ən böyük bəlasına çevrilən narkomaniyanın insan sağlamlığına vurduğu zərərdən danışıb. Bildirib ki, müasir dövrdə “ağ ölüm” kimi tanınan bu zərərli maddələrin aludəçisinə çevrilən şəxslər normal həyata qayıtmağa çətinlik çəkir, vaxt keçdikcə cəmiyyətdən tamamilə təcrid olunurlar. Təəssüf ki, onların arasında gənclər də var. Narkotik vasitələrin zərərləri barədə kifayət qədər məlumatı olmayan gənclər bu maddələrdən bir neçə dəfə istifadə etdikdən sonra onun təsiri altına düşür, öz parlaq gələcəyini bilə-bilə məhv edirlər. Buna görə də gənclər, eləcə də yeniyetmələr bu cür əməllərdən kənar gəzməli, belə hallarla rastlaşdıqda valideynlərinə, müəllimlərinə, eləcə də polis əməkdaşlarına məlumat verməlidirlər.
Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-11-19 17:33:00