×
A
A
A
Sazlamalar

Qobustanda şəhid Murad Mayılovun xatirəsi anılıb

Qobustan, 19 noyabr, AZƏRTAC

Qobustanda Vətən müharibəsi şəhidi Murad Mayılovun xatirəsi ehtiramla yad edilib. Şəhidin dəfn olunduğu Nabur kənd qəbiristanlığında keçirilən mərasimdə rayon rəsmiləri, şəhidin ailə üzvləri, din xadimləri, şəhid ailələri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üstünə tər çiçəklər düzüblər. Çıxışlarda Murad Mayılovun qısa, şərəfli həyat rolundan danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin qanının yerdə qalmadığından danışılıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Murad Gülümxan oğlu Mayılov 1998-cı il mayın 28-də Qobustan rayonunun Nabur kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Murad 2020-ci il sentyabrın 27-dən Silahlı Qüvvələrimizin bir əsgəri kimi işğalçı Ermənistan ordusuna qarşı döyüşüb. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Şuşa döyüşlərdə şəhid olub.
Murad Mayılov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Regionlar 2022-11-19 17:19:00