×
A
A
A
Sazlamalar

Uşaqların məruz qaldığı hər hansı zorakılıq onların psixologiyasında mənfi izlər buraxır

Ağcabədi, 19 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 2-17 yaş arası təxminən bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa məruz qalır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, uşaqların aldığı hər hansı zorakılıq onların psixologiyasında mənfi izlər buraxır. Şiddətə məruz qalan azyaşlı uşaqlar sonrakı yaşlarda bir çox ciddi xəstəliklərə tutulurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının qarşısının alınması ilə bağlı keçirilən maarifləndirmə tədbirində bəhs edilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, zorakılıq bir kəsin öz gücündən, yaxud xidməti vəzifəsindən istifadə edərək başqalarını qəsdən incitməsi, ona əzab verməsi deməkdir. Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Bu, xalqımızın ən üstün tərəflərindəndir. Lakin bəzən uşaqlar həm cəmiyyətdə, həm də ailədə müxtəlif zorakılıqlara məruz qalırlar. Ailələrdə, məktəblərdə, icmalarda zorakılığın bütün formalarına son qoymaq uşaqların hüquqları, rifahı və davamlı gələcək üçün mühüm əhəmiyyət kəsb edir. Ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, uşaq evi, körpələr evi, uşaq bağçaları təhlükəsiz və uşağın dostu olmalıdır.
Tədbirdə iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-11-19 04:51:00