×
A
A
A
Sazlamalar

Naxçıvanın ümumtəhsil məktəblərində şagirdlərin flüoroqrafik müayinələri aparılır

Naxçıvan, 18 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri muxtar respublika əhalisi arasında vərəm xəstəliyinin erkən aşkarlanması, müalicəsi və profilaktikası istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, noyabrın 1-dən start verilən tibbi müayinələrin məqsədi vərəmin erkən diaqnostikası və onun qarşısının alınmasından ibarətdir.
Növbəti müayinə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri arasında aparılıb, onlardan 165-i flüoroqrafiya müayinəsindən keçib. Məktəblilər arasında xəstə aşkar olunmayıb.
Aparılan tədbirlərin davamı olaraq dispanserin həkim briqadası səyyar flüoroqrafiya ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə də olub, 74 şagird flüoroqrafiya müayinəsindən keçib. Həkimlər tərəfindən məktəblilər arasında maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, ildə 2 dəfə aparılan profilaktik müayinə zamanı gizli xəstəliklər vaxtında aşkar edilir, ehtiyac yaranarsa, ətraflı müayinə üçün yeniyetmələr stasionara cəlb olunurlar. Flüoroqrafik tibbi müayinələr dekabrın 20-dək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində davam etdiriləcək.

 

Regionlar 2022-11-18 22:25:00